Bakı Stend Atıcılığı üzrə İdman Kompleksi

Tezliklə Azərbaycan bütün dünyadan ən yaxşı idmançıları, məşqçiləri və çoxsaylı azarkeşləri bir araya toplayacaq “Bakı 2015” ilk Avropa Oyunlarını qəbul edəcək. Вu əlamətdar hadisəyə hazırlıq çərçivəsində Biləcəri qəsəbəsində nəhəng Bakı Atıcılıq Mərkəzi inşa edilib. Burada güllə və stend atıcılığı yarışları keçiriləcək. Ultra-müasir mərkəzin təntənəli açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Avropada ən böyük mərkəzlərdən biri olan bu idman obyekti təchizat baxımından dünyanın ən yaxşı atıcılıq kompleksləri ilə rəqabət apara bilər.

 

Bakı Atıcılıq Mərkəzi çoxsaylı inzibati binalardan, personal üçün nəzərdə tutulmuş yerlərdən, kafe, istirahət məkanı, baxış meydançaları, idmançılar və komandalar üçün nəzərdə tutulmuş yerlər, məşq və yarış zalları, hakimlər üçün xüsusi otaqlar, istirahət üçün VIP otaqlar, mətbuat konfranslarının keçirilməsi üçün böyük zallar, dopinq yoxlama otağı, tibb məntəqəsi, təlimlərin keçirilməsi üçün otaqlar, fitnes zalı və başqa çoxsaylı məkanlardan ibarətdir. Mərkəzin ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, ona görə də bura gözəl, səliqəli və rahatdır.Mərkəzdə idmançılar və qonaqlar üçün rahat mehmanxana da inşa edilib.

 

Mərkəzin önəmli xüsusiyyəti 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün zalların mövcudluğudur. Burada, həmçinin yarıqapalı atıcılıq tiri, stend atıcılığı üçün sahələr və s. nəzərdə tutulub. Mərkəz Beynəlxalq Atıcılıq Federasiyasının bütün norma və tələblərinə tam cavab verir, zallarda aparıcı dünya istehsalçılarının ən yeni avadanlıqları quraşdırılıb.